İQTİSADİYYAT
Gəncədə çəkiləcək tramvay xəttinin layihəsi ilə bağlı görüş keçirilmişdir
Gəncə, 30 yanvar (AZƏRTAC). Gəncədə tramvay xəttinin çəkilişində iştirak edəcək Fransanın “ALSTOM” şirkəti nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək ilk olaraq şəhərin 4 istiqaməti üzrə xətlərin çəkilişi nəzərdə tutulduğunu bildirmiş və layihəyə əsasən xətlərin ümumi uzunluğunun 15 kilometr olacağını diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, xəttin çəkilişi zamanı tramvayların keçəcəyi küçə və prospektlərin genişliyi nəzərə alınacaqdır. İlk olaraq bu işin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərində başa çatdırılması planlaşdırılmışdır.
Sonra Fransanın “ALSTOM” şirkətinin nümayəndələri həyata keçirmək istədikləri layihə və istehsal etdikləri tramvay vaqonlarının modelləri barədə məlumat vermişlər.
Şirkətin işi ilə tanışlıq məqsədi daşıyan görüşdə müzakirə olunan məsələ ətrafında fikir mübadiləsi aparılmış, tramvay xətlərinin çəkilişi prosesi ilə bağlı qısametrajlı film nümayiş etdirilmişdir.