İQTİSADİYYAT
Gəncədə daha bir piyada keçidi istifadəyə verildi
Gəncə, 14 iyul (AZƏRTAC, Sabir Əliyev). İyulun 14-də Gəncədəki Heydər Əliyev prospektində daha bir piyada keçidi əsaslı təmirdən sonra istifadəyə verildi.
AZƏRTAC xəbər verir ki, 80-ci illərin əvvəllərində inşa edilən keçid son illər yararsız hala düşdüyündən demək olar ki, istifadəsiz qalmışdı. Şəhərdə aparılan abadlıq və quruculuq işləri çərçivəsində əsaslı təmir edilən keçidə Məhsəti Gəncəvinin adı verilib. Burada dördtərəfli giriş və çıxışlarda görkəmli şairənin mozaika daşları ilə portretləri həkk olunub. Xarici mərmər və qranitdən istifadə olunmaqla üzlük çəkilmiş divarlarda şairənin rübailərindən nümunələr həkk edilmişdir.
Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev keçidin əlamətdar bir gündə, ümummilli lider Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlişinin 45-ci ildönümü gününə təsadüf etdiyini diqqətə çatdırdı. O, son 3 ildə Gəncədə aparılan abadlıq və quruculuq işlərindən, həmçinin bu sahədə görüləcək işlərdən danışdı.
Mərasimdə həmin ərazidə yaşayan sakinlər, eləcə də Gəncə Dövlət Universitetinin müəllim və tələbələri çıxış edərək onların təhlükəsizliyinin təminatına yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər.