Gəncədə əl qumbarası tapılıb
Bakı, 1 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunmuş, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə agentlik tərəfindən 1-31 yanvar tarixlərində Tovuz, Goranboy, Qazax rayonları və Gəncə şəhəri ərazisində yol kənarına, məişət tullantıları sahəsinə, əkin və otlaq sahəsinə baxış keçirilmiş, 11 ədəd partlamamış hərbi sursat (PHS), 3 min 264 ədəd müxtəlif çaplı patron zərərsizləşdirilmiş, 800 kv.m ərazi yerüstü, 60 kv.m əraziyə isə yeraltı yoxlanılmışdır.