REGİONLAR
Gəncədə Endokrinoloji xəstəxana əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO
Gəncə, 22 iyul, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər Endokrinoloji xəstəxananın əsaslı təmirdən sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də xəstəxanalar və poliklinikalar əsaslı təmir edilir, müasir avadanlıqlarla təchiz olunur. Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının, infeksion xəstəliklər xəstəxanasının, 6 nömrəli şəhər poliklinikasının, stomatoloji poliklinikanın əsaslı təmir olunduğunu xatırladan Elmar Vəliyev bu işlərin müntəzəm olaraq davam edəcəyini deyib.
Bildirilib ki, 2016-cı ilin noyabrından Gəncə şəhər Endokrinoloji xəstəxanada əsaslı təmir işlərinə başlanılıb. Təmirdən sonra burada keyfiyyətli tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılıb və xəstəxana müasir avadanlıqlarla təmin olunub. 25 çarpayılıq endokrinoloji-terapevtik, 15 çarpayılıq endokrinoloji-cərrahiyyə şöbələri, stomatoloji kabinet, klinik və biokimyəvi laboratoriyadan ibarət olan xəstəxanada “Diabet məktəbi” fəaliyyət göstərir. 11 həkim, 26 tibb bacısı, 17 kiçik tibb və texniki işçi heyətlə xəstələrə xidmət göstərəcək Gəncə şəhər Endokrinoloji xəstəxanada 14 palata, 2 əməliyyat otağı, 9 həkim otağı, konfrans zalı, inzibati bölmə və sair müasir tələblər səviyyəsində təmir olunub.
Sonra Gəncə şəhər Endokrinoloji xəstəxanada yaradılan şəraitlə tanışlıq olub.
Qeyd edək ki, il ərzində Endokrinoloji xəstəxanaya Gəncə şəhəri və ətraf rayonlardan 400-dək xəstə daxil olur, 40-dək cərrahi əməliyyat aparılır.