İQTİSADİYYAT
Gəncədə gənc sahibkarların forumu keçirilmişdir
Gəncə, 17 iyun (AZƏRTAC). “Gənc mühasiblər” və “Gənclər üçün təhsil mərkəzi” ictimai birlikləri gənc sahibkarların vətəndaş cəmiyyəti quruculuğu prosesində daha fəal iştirakını təmin etmək məqsədilə Gəncədə birgünlük gənc sahibkarların forumunu təşkil etmişlər.
AZƏRTAC xəbər verir ki, “RAMADA plaza” otelində keçirilən forumdan əvvəl Azərbaycanda gənc sahibkarlara yaradılan şəraitdən, Prezident İlham Əliyevin onların inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən sənədli film nümayiş etdirilmişdir.
“Gənc mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva forumu giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüsal Quliyev, “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və başqaları çıxış edərək tədbirin gənc sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasında əhəmiyyətindən danışmışlar. Qeyd edilmişdir ki, gənc sahibkarlar öz fəaliyyətlərini ölkəmizin sürətli iqtisadi inkişaf tempinə uyğun qurmalı və gələcək inkişaf perspektivlərini müəyyən etməlidirlər.
Ümumilikdə 100 nəfərədək gənc sahibkarın iştirak etdiyi forumda bildirilmişdir ki, bu iş adamlarını Azərbaycanda cərəyan edən iqtisadi proseslərə, bu proseslərə təsir edən xarici və daxili amillərə cəlb etmək, onların diqqətini dayanıqlı inkişafa mane olan problemlərə yönəltmək tədbirin əsas məqsədidir.
Forumda müzakirə olunan məsələlər ətrafında beynəlxalq səviyyəli ekspertlərlə yanaşı, aidiyyəti qurumlardan, o cümlədən Gənclər və İdman, İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları, Maliyyə, Kənd Təsərrüfatı nazirliklərindən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan mütəxəssislər müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər. Bundan əlavə, iştirakçılar qrup daxilində və fərdi şəkildə kiçik və orta sahibkarlığın fəallaşdırılması üzrə müzakirələr və fikir mübadiləsi apardıqdan sonra forumun yekunu olaraq müvafiq qurumlara təqdim edilmək üçün təkliflər zərfi hazırlanmışdır.