Gəncədə həkim-terapevtlərə təlim keçirilib
Bakı, 22 iyun, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyəti (AQİEC) arasında qarşılıqlı imzalanmış memoranduma əsasən Gəncə şəhərində təlim keçirilib.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, təlimin məruzəçiləri AQİEC-in sədri Fərid Quliyev, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Terapiya kafedrasının dosenti Gülüstan Babayeva, professor Mətanət Əfəndiyeva, həkim-qastroenteroloq Natiq Əlizadə olub.
Təlimdə TƏBİB-in İnsan resursları departamenti, Təlim və karyera planlama şöbəsinin müdiri Anar Mirzəyev, eləcə də Gəncədə, Şəmkir, Göygöl, Ağstafa və Bərdə rayonlarında yerləşən xəstəxanalarda fəaliyyət göstərən həkim-terapevt və həkim-qastroenteroloqlar iştirak edib.
Təlim proqramı zamanı iştirakçılara “Qastrospokiya və kolonoskopiya”, “Qanaxmalar və hemostaz”, “Polip aşkarlanması və polipektomiya”, “Xoralı kolit-distal zədələnmə, diaqnostika və müalicə prinsipləri”, “Komorbid xəstələrdə qaraciyərin qeyri-alkoqol piylənməsi xəstəliyi” və digər mövzular barədə məlumatlar verilib.
TƏBİB və AQİEC-in birgə əməkdaşlığı ilə təlim proqramının digər regionlarda da keçirilməsi nəzərdə tutulub.