REGİONLAR
Gəncədə “Kənd təsərrüfatında marketinqin təşkili və beynəlxalq inteqrasiya” mövzusunda seminar keçirilmişdir
Gəncə, 28 yanvar (AZƏRTAC). Azərbaycan Dövlət Aqrar Universitetində Dünya Ticarət Təşkilatı və ABŞ-ın Kentukki Aqrar Universitetinin birgə təşkilatçılığı ilə “Kənd təsərrüfatında marketinqin təşkili və beynəlxalq inteqrasiya” mövzusunda seminar keçirilmişdir.
Kentukki Aqrar Universiteti və Dövlət Aqrar Universiteti əməkdaşlarının, eləcə də qərb bölgəsində fəaliyyət göstərən fermerlərin iştirakı ilə keçirilən seminarda torpaq sahiblərinin istehsal etdikləri məhsulların satışında və ixracında qarşıya çıxan çətinliklər ətraflı müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, bu sahədə yaranan problemlərin başlıca səbəbi məhsulların dünya standartlarına cavab verməməsidir. Bundan başqa, fermer təsərrüfatlarının kiçik olması da istehsal olunan məhsulların ixracında problemlər yaradır.
Seminarda çıxış edən ABŞ və Azərbaycan alimləri bu sahənin müsbət inkişafının təminatında başlıca rol oynayan marketinqin təşkilindən, eləcə də istehsal olunan məhsulların ekoloji cəhətdən təmizliyinə diqqət yetirilməsinin vacibliyindən danışmış, buna nail olmaq üçün beynəlxalq təcrübənin öyrənilməsinə ehtiyac olduğunu diqqətə çatdırmışlar.