MƏDƏNİYYƏT
Gəncədə “Poeziya günü” keçirilib
Bakı, 10 fevral, AZƏRTAC
Gəncədəki “Məhsəti Gəncəvi Mərkəzi”ndə “Poeziya günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyinin (AYB) Yaradıcılıq məsələləri üzrə katibliyinin və Gəncə Şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
“Poeziya günü”ndə birliyin Gəncə, Mingəçevir, Şəki, Aran, Beyləqan, Qazax bölmələrinin nümayəndələri və Gəncə şəhərinin poeziyasevərləri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd paytaxtdan uzaqda yerləşən qərb bölgəsində yaşayan qələm sahiblərinin daha sıx toplanması, o bölgələrdəki AYB filiallarının daha da aktivləşməsi, qarşılıqlı münasibətlərin gücləndirilməsi və bölgələrdə ədəbi mühitin fəallaşmasıdır.
"Poeziya günü"ndə çıxış edən tanınmış şairlər - Xəzangül, Vaqif Aslan, Asif Cəfərli, İsmayıl İmanzadə, İnqilab İsaq və başqaları həm Gəncə ədəbi mühitinin tarixi barədə xatirələrini bölüşüb, həm də yeni şeirlərini oxuyublar.
Tədbirin aparıcısı, AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bildirib ki, tədbirin məhz Gəncədə keçirilməsi də şəhərin Azərbaycanın qərb bölgəsinin bir mədəniyyət mərkəzinə çevrilməsi konsepsiyasına müvafiq qərarlaşdırılıb.
Nəzərdə tutulub ki, həm Gəncədə, həm də yaxın bölgələrdə bu cür "Poeziya günləri" mütəmadi olaraq keçirilsin və AYB-nin Azərbaycanın qərbində yerləşən bölgə filiallarının nümayəndələri də tədbirlərdə aktiv iştirak etsinlər.