REGİONLAR
Gəncədə “Qan ver, yaşat” adlı aksiya keçiriləcək
Gəncə, 12 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə Aşura günü İmamzadə dini kompleksində və Mərkəzi Qan Bankının Gəncə bölməsində “Qan ver, yaşat” adlı aksiya təşkil ediləcək.
Bununla əlaqədar tədbirlər planı hazırlanıb və 3 tibb briqadası təyin olunub.
Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri Tahirə Məmmədova AZƏRTAC-a bildirib ki, briqadalar oktyabrın 12-də səhər saat 9.00-dan axşam saat 18.00-dək iş başında olacaq.
Tahirə Məmmədova deyib ki, ümumilikdə qanvermə insan sağlamlığı üçün də faydalıdır və üç aydan bir qan vermək bəzi xəstəliklərin qarşısını alır. 18-65 yaş arası hər bir sağlam şəxs qan verə bilər. Müraciətlər çox olsa, digər günlərdə də aksiya keçiriləcək. Mərkəzi Qan Bankının Gəncə bölməsində 92 nəfər talassemiya və 61 nəfər hemofiliya xəstəsi qeydiyyatdadır. İlin əvvəlindən Gəncədə 3 kütləvi qanvermə aksiyası keçirilib.
Ümumiyyətlə hər bir sağlam şəxs 300-400 qram qan verə bilər. Götürülən qanların yoxlanıldığını qeyd edən Tahirə Məmmədova bildirib ki, sonra toplanan qan qablaşdırılır, plazma hissəsi hemofiliya xəstələri üçün ayrılır, əsas tranzit hissəsi qırmızı qan kütləsi isə talassemiya xəstələri üçün yığılır.