REGİONLAR
Gəncədə “Regional İnnovativ Turizm Məhsulu” adlı “startap” sahibkarlıq proqramının onlayn təqdimatı keçirilib
Gəncə, 16 iyul, Elcan Məmmədov, AZƏRTAC
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən yaradılan “Regional İnnovativ Turizm Məhsulu (RİTM)” adlı “startap” sahibkarlıq proqramının Gəncə şəhərində onlayn təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Regional Turizm İnformasiya Mərkəzinin dəstəyi ilə regionlarda turizm “startap”larının yaradılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək “Regional İnnovativ Turizm Məhsulu (RİTM)” sahibkarlıq proqramının onlayn təqdimatında qərb regionunun (Gəncə, Naftalan, Göygöl, Şəmkir, Samux, Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax) yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, turizm sahəsinə marağı olan gənclər və yerli turizm sənayesi nümayəndələri iştirak ediblər.
Layihənin hədəfi regional turizmin inkişafına, yerlərdə məşğulluğun artmasına və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verməkdir. RİTM proqramının iştirakçılarına peşəkar təlim və mentorluqla yanaşı, sahibkarlar və investorlarla tanışlıq, tanıtım, dövlət tərəfdaşlarından dəstək, ÜTT-də (Ümumdünya Turizm Təşkilatı) “startap” müsabiqəsinə vəsiqə və o cümlədən, qaliblərə pul mükafatının verilməsi kimi geniş imkanlar yaradılacaq.