SİYASƏT
GƏNCƏDƏ SEÇİCİLƏRİN FƏALLIĞI MÜŞAHİDƏ EDİLİR
Gəncədə 4 dairə üzrə 112 məntəqədə 140 min nəfərə yaxın seçici prezident seçkilərində öz seçimini etməlidir. Seçkiləri 1040 nəfər müşahidəçi izləyir.
37 saylı Nizami birinci seçki dairəsinin 8 saylı məntəqə seçki komissiyasının sədri Rəna Ələkbərova deyir ki, seçicilərin fəallığı yüksəkdir. Onlar mütəşəkkil qaydada səsvermədə iştirak edirlər.
Məntəqəyə səs verməyə gələn pensiyaçı Solmaz Bağırova AZƏRTAC-ın müxbirinə demişdir:
- Bu seçkilər əvvəlkilərdən çox fərqlənir. Bu, həm insanların seçkilərə olan maraqlarında, həm də fəallıqlarında özünü göstərir. Mən xalqımızın və ölkəmizin xoş gələcəyinə səs vermişəm.
38 saylı Nizami ikinci, 39 saylı Kəpəz birinci və 40 saylı Kəpəz ikinci seçki dairələrinin məntəqələrində də yüksək əhval-ruhiyyə hökm sürürdü. 40 saylı Kəpəz ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri Azad İbrahimov deyir ki, dairə üzrə 31 məntəqədə 37 min 270 nəfər seçici səs verəcəkdir. Seçkiləri 280 nəfər müşahidəçi izləyir.
Məntəqələrdən 7-də veb-kamera quraşdırılmışdır ki, bu da seçkilərin gedişini internet vasitəsi ilə izləməyə imkan verir.