REGİONLAR
Gəncədə Türk Şurasının Gənclər Festivalı çərçivəsində konsert təşkil edilib
Gəncə, 29 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, şəhər icra hakimiyyətinin dəstəyi ilə Türk Şurasının Gənclər Festivalı çərçivəsində konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev ilk dəfə keçirilən bu layihənin davamlı olacağına əminliyini ifadə edib. Vurğulanıb ki, festival çərçivəsində türk dövlətlərinin gəncləri arasında fikir mübadiləsi aparılacaq, bir sıra təkliflər hazırlanacaq və gənclər siyasəti çərçivəsində əməkdaşlıq genişləndiriləcək.
Daha sonra tədbir gənc incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Konsertdə Fikrət Əmirov adına "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də Gəncə Musiqi Kollecinin "Şur təsnifi" ansamblı mahnı və rəqs nömrələri ilə çıxış ediblər.
Türkiyənin “Anadolu” folklor toplusunun, Üsküdar Gənclik Mərkəzinin, Özbəkistanın “Buxoro” mahnı və rəqs ansambllarının, eləcə də Qırğızıstandan olan Cannat Muratbekovun ifa etdiyi musiqilər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Türk Şurasının Gənclər Festivalı sentyabrın 30-da yekunlaşacaq.