REGİONLAR
Gəncədə Vətən müharibəsi qaziləri ilə görüş olub
Bakı, 14 mart, AZƏRTAC
“Qarabağ qaziləri” İctimai Birliyinin Gəncə bölməsində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov çıxış edərək, Azərbaycanın işğal altında olan torpaqlarını 30 il sonra düşməndən azad etməsindən, Ermənistanı həm hərbi, həm də siyasi arenada məğlubiyyətə uğratmasından danışaraq deyib: “44 günlük Vətən müharibəsinin hər günü şanlı tarixdir. Artıq Azərbaycanın Qarabağ adlı problemi yoxdur. Buna görə biz rəşadətli Ordumuzun hər bir üzvünə və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarıq”.
Birliyin sədri Vüsal Qurbanov, Qarabağ müharibəsi əlili Nadir Kərimov, Qarabağ müharibəsi qaziləri Bayram Kərimov, Tural Xanəliyev və Əli Tağıyev çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qələbə qazandığı 44 günlük Vətən müharibəsindən, döyüş meydanında düşmənin məğlubiyyətindən danışıblar.
Görüş zamanı Vətən müharibəsi qazilərinin problemləri və təklifləri ilə maraqlanılıb, onların həlli istiqamətində müvafiq addımların atılacağı bildirilib.
Vətən müharibəsi qaziləri dövlətimizin tərəfindən onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.