CƏMİYYƏT
Gəncədə “Xan bağı” parkında monitorinqlər aparılıb
Bakı, 16 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi respublika üzrə fitosanitar müşahidələr çərçivəsində Gəncə şəhərində 6 hektar ərazisi olan “Xan bağı” parkında 79 növ yerli və introduksiya olunmuş dekorativ ağac və kol bitkiləri üzərində monitorinqlər aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlərin aparılmasında əsas məqsəd parklarda dekorativ ağac və kol bitkilərində fitosanitar vəziyyətlərin qiymətləndirilməsi, eyni zamanda, iri gövdəli, yaşlı, tamamilə qurumuş, gövdəsi, iri budaqları və çətir hissəsi yarı qurumuş ağacların aşkar edilərək quruma səbəblərinin müəyyənləşdirilməsi olub.
Monitorinq zamanı sağlam yaşıl ağaclarda, qismən və ya tamamilə qurumuş iri gövdəli ağacların (bitkilərin) xəstəlik və zərərvericilərlə yoluxma halları aşkar edilməyib. Lakin parkda bir neçə yaşlı, iri gövdəli ağacların (Eldar şamı, akasiya, kiparis, kağız ağacı və s.) quruması müşahidə olunub.
Parkda quru ağacların qanunvericiliyə uyğun olaraq kəsilib götürülməsi ilə əlaqədar tədbirlər həyata keçirilməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib.