İQTİSADİYYAT
Gəncənin bütün maliyyə mənbələrindən əsas kapitala 118 milyon manatdan çox vəsait yönəldilmişdir
Bakı, 25 iyul (AZƏRTAC). Gəncədə 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunu və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, 2013-cü ilin yanvar-iyun aylarında şəhər sənayesində təsərrüfat subyektləri tərəfindən 86,3 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Həmin dövrdə istehlakçılara 85 milyon 506 min manatlıq və ya bütün sənaye istehsalının 97,2 faizi qədər məhsul göndərilmişdir.
2013-cü ilin birinci yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 118 milyon manatdan çox vəsait yönəldilmişdir. 2012-ci illə müqayisədə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı 1,9 dəfə artmışdır.
Avtomobil nəqliyyatı ilə sərnişin daşınması ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz, yük daşınması isə 8,6 faiz artmışdır.
İnformasiya və rabitə xidmətlərinin həcmi 1 milyon 829 min manat təşkil etmişdir.
Vurğulanmışdır ki, 2013-cü ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artaraq 286,7 milyon manat təşkil etmişdir. 2012-ci illə müqayisədə 2013-cü ilin əvvəlindən ərzaq mallarının satışı 1,9 faiz artmışdır.
Elektrik enerjisinin istehlakçılara fasiləsiz çatdırılması məqsədi ilə aparılan əsaslı və cari təmir işlərinə 100 min manatdan çox vəsait xərclənmişdir.
Yeni qəsəbələrdə subartezian quyuları qazılmış, şəhərdə su təchizatının və kanalizasiya təsərrüfatının dayanıqlılığını təmin etmək məqsədilə magistral su kəmərində və şəhərdaxili su şəbəkəsində əsaslı surətdə təmir işləri aparılmışdır.
İstehlakçılara ümumi olaraq 59 milyon 368 min 878 kub metr həcmində təbii qaz satılmış, ümumi satışın 102,1 faizi ödənmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə yığımın həcmi 3,2 faiz artmışdır.
2012-2013-cü tədris ilində 8 min 12 şagird yerlik 7 məktəb binası əsaslı təmir olunmuşdur.