İQTİSADİYYAT
Gəncənin Sadıllı və Cavadxan qəsəbələrində elektron ATS-lər inşa ediləcəkdir
Gəncə, 26 may (AZƏRTAC). Yaxın vaxtlarda Gəncənin Sadıllı və Cavadxan qəsəbələrində yeni elektron ATS-lərin inşasına başlanılacaqdır.
Gəncə telekommunikasiya idarəsinin baş mühəndisi İsrail Məmmədov AZƏRTAC-a demişdir ki, bu məsələ rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Gəncədə keçirdiyi qəbul zamanı sakinlər tərəfindən qaldırılmışdı.
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə qəsəbə statusu almış hər iki yaşayış məntəqəsində olan Əli Abbasov əhaliyə göstərilən rabitə xidmətlərini daha yüksək səviyyədə təmin etmək üçün yeni elektron ATS-in tikilməsi barədə göstəriş vermişdir.
Artıq ATS-lərin tikintisi üçün binaların arxitektura sənədləri hazırlanmışdır.
Hər biri 1024 tutumlu olan ATS-lərin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.