İDMAN
Gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi davam edir[YENİLƏNİB]
Bakı, 26 mart (AZƏRTAC). Bakı İdman Sarayında gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, gənclərdən ibarət yığma komandaya seçim və gələcək beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyan ənənəvi yarışa martın 27-də yekun vurulacaqdır. Yarışda 21 yaşadək cüdoçular mübarizə aparır. Qeyd edək ki, bu il ilk dəfədir 21 yaşlı cüdoçular da yarışa qatılmışlar.
Gənclər arasında Azərbaycan birinciliyində respublika üzrə 49 klubdan 318 çüdoçu gücünü sınayır. Onlardan 33-ü qız, 285-i isə oğlandır.
Oğlanlar 8 çəki dərəcəsi üzrə (55 kq, 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, 100 və 100 kq-dan yuxarı), qızlar isə 7 çəkidə (44 kq, 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq ) mübarizə aparırlar.
Yarışın ilk günü qızlar arasında bütün çəki dərəcələri üzrə, oğlanlar arasında isə 3 çəkidə (55 kq, 60 kq, 66 kq) qaliblər müəyyənləşəcəkdir.