SİYASƏT
GƏNCLƏR AZƏRBAYCANDA İNSAN HÜQUQLARININ QORUNMASI MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ ETMİŞLƏR
Bakı, 10 dekabr (AZƏRTAC). Dekabrın 10-da “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatı Beynəlxalq İnsan Hüquqları günü münasibətilə tədbir keçirmişdir.
Təşkilatın sədri Fərid Şahbazov bildirmişdir ki, 1948-ci il dekabrın 10-da BMT İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməni qəbul etmişdir. Hər il həmin gün bütün dünyada əlamətdar gün kimi qeyd olunur.
Tədbirdə vurğulanmışdır ki, Ermənistanın xalqımıza qarşı yeritdiyi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bu gün Azərbaycanda 1 milyondan artıq soydaşımızın hüquqları pozulmuş, onlar öz doğma el-obasından qovularaq məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir. Azərbaycan dövləti onların problemlərinə çox həssaslıqla yanaşır. Ölkəmiz insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində çox böyük uğurlar əldə etmişdir. 2007-ci ilin “Gənclər ili” 2009-cu ilin isə “Uşaq ili” elan edilməsi məhz ölkəmizdə gənclərə, uşaqlara ümumilikdə vətəndaşlara göstərilən qayğının nümunəsidir.
Tədbirdə vurğulanmışdır ki, hər bir vətəndaş öz hüquqlarını bilməli və qorumalıdır.
Azərbaycanda insan hüquqlarının qorunması, mövcud problemlər və digər məsələlər müzakirə olunmuşdur.