CƏMİYYƏT
Gənclər Fondu Sumqayıtda növbəti təqdimat keçirmişdir
Sumqayıt, 11 iyul (AZƏRTAC). İyulun 11-də Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III qrant müsabiqəsinin məlumatlandırma sessiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov Gənclər Fondunun yaradılması, fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında danışmışdır. O, şəhərdə fəaliyyət göstərən gənclər təşkilatlarının, yaradıcı və istedadlı gənclərin fondun keçirdiyi qrant müsabiqələrində iştirak dinamikasından bəhs edərək onları daha fəal olmağa çağırmışdır.
Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov qurumun məqsəd və vəzifələri, elan etdiyi qrant müsabiqələri və müsabiqələrdə iştirak qaydaları barədə ətraflı məlumat vermişdir.
Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin gənclərin hərtərəfli inkişafına yol açdığı xüsusilə vurğulanmışdır.
Sumqayıtlı gənclərin böyük marağına səbəb olan təqdimat onların çoxsaylı suallarının cavablandırılması ilə davam etmişdir.