ELM VƏ TƏHSİL
Gənclər üçün nəzərdə tutulan elektron arayış və xidmətlər
Bakı, 12 aprel, AZƏRTAC
“Elektron hökumət” portalı üzərindən təqdim olunan bir çox elektron arayış və xidmətlər gənclər üçün nəzərdə tutulub.
Bu fikir aprelin 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Elektron hökumət” mövzusunda keçirilən seminarda səslənib. Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim Tədris Mərkəzi və ADNSU-nun informasiya texnologiyaları departamenti tərəfindən birgə təşkil olunub.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Elektron Hökumət Təlim Tədris Mərkəzinin direktoru Rauf Cabbarov tələbələrə informasiya texnologiyaları sahəsinin inkişafı, bu istiqamətdə layihələrin inkişaf etdirilməsi, həmçinin elektron hökumət və elektron imza mövzusu ilə bağlı çıxış edib.
Məlumat Hesablama Mərkəzinin nümayəndəsi Günay Hüseynova elektron hökumətin infrastrukturu, əsas komponentləri, elektron xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları barədə təqdimatla çıxış edib. Məruzəçi “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron xidmətlər barədə məlumat verib.
Sonda bir tələbəyə elektron imza hədiyyə olunub.