“Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi” başa çatıb
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Mingəçevir şəhərində “Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi” başa çatıb.
“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, proqrama əsasən təlimçilər Orxan Şahbazın təqdimatında "Rəqəmsal beynin yaradıcı inkişafı", Fərid Məhərrəmlinin təqdimatında "Rəqəmsal marketinq və markaların rəqəmsallaşması", Vüqar Cəfərovun təqdimatında "Rəqəmsal maliyyə texnologiyaları" mövzusunda təlimlər, AEİNF-nin nümayəndələri tərəfindən "Virtual reallıq" ilə bağlı təlim və emalatxana çalışması, eləcə də panel müzakirələri, görüşlər təşkil olunub.
Layihə çərçivəsində gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə şəhər gəzintisi, film saatı, "Playstation 5" çempionatı və "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib. Gəzinti zamanı Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi, Mingəçevir şəhər Tarix Muzeyi və Dövlət Rəmzləri Muzeyinə ekskursiya baş tutub.
Film saatı zamanı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı ərsəyə gələn “Generalın planı” adlı sənədli film nümayiş olunub.
Layihə çərçivəsində hər günün sonu "Enerjini Paylaş" devizli mədəni-kütləvi tədbirlə başa çatıb. DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli və maraqlı anlar yaşanıb.
Ümumilikdə, layihə çərçivəsində müxtəlif mövzularda qeyri-formal təhsil metodikası ilə dörd görüş, beş təlim, üç panel müzakirəsi, bir emalatxana çalışması, beş mədəni-kütləvi tədbir, üç gəzinti, bir film saatı, iki virtual və bir intellektual yarış baş tutub.