CƏMİYYƏT
Gənclər və idman naziri Lənkəranda cənub bölgəsində yaşayan vətəndaşlarla görüşmüşdür
Lənkəran, 2 aprel (AZƏRTAC). Aprelin 2-də gənclər və idman naziri Azad Rəhimov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində cənub bölgəsinin əhatə etdiyi Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının vətəndaşları ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə bölgədə yaşayan 50-dən çox vətəndaş iştirak etmişdir.
Yerli sakinlər əsasən öz şəxsi problemlərinin həlli ilə bağlı müxtəlif məsələlər üzrə kömək istəmiş, gənclərin bir qismi isə müxtəlif ideya və təkliflər irəli sürmüşlər.
Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən yol çəkilişi, sahibkarlıq fəaliyyəti, güləş məktəbinin açılması, süni örtüklü futbol meydançasının tikintisi, narkomaniya ilə mübarizə kurslarının təşkili, güzəştli ipoteka kreditlərinin verilməsi, dövlət qulluğuna qəbul, kəndlərdə futbol meydançasının inşası, işə düzəlmə, gənclər təşkilatının yaradılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün mərkəzin inşası, yeni idman məktəblərinin və idman bölmələrinin açılması, elmi layihənin dəstəklənməsi, məktəbdə idman zalının tikintisi və s. məsələlərlə bağlı olmuşdur.
Vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapmış, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.