İDMAN
Gənclər və idman naziri Monakoda keçirilən yeddinci “Sülh və idman” Beynəlxalq forumunda iştirak edir
Bakı, 6 noyabr (AZƏRTAC). Gənclər və idman naziri Azad Rəhimov Monako knyazlığında Şahzadə II Albertin himayəsi ilə öz işinə başlayan 7-ci “Sülh və idman” Beynəlxalq forumunda iştirak etmək üçün bu ölkəyə səfərə yola düşmüşdür.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbir çərçivəsində dünyanın 100-dən artıq ölkəsindən 700-dən çox siyasi və idman lideri, beynəlxalq təşkilatların rəhbərləri və elm sahəsinin nümayəndələri bir araya gələrək beynəlxalq idman əməkdaşlığının möhkəmləndirilməsi, idmana qoyulan sərmayənin artırılması və digər mühüm mövzular ətrafında müzakirələr aparacaqlar.
Tədbirdə ilk dəfə 2015-ci ildə Bakıda təşkil olunacaq Avropa Oyunları haqda da iştirakçılara məlumat veriləcəkdir.
Foruma noyabrın 8-də yekun vurulacaqdır.