İDMAN
Gənclərdən ibarət sərbəst güləş üzrə Azərbaycan yığma komandasının Daşkənddə keçirilən təlim-məşq toplantısı başa çatmışdır
Daşkənd 19 yanvar (AZƏRTAC). Özbəkistan Güləş Federasiyası ilə imzalanmış müqaviləyə əsasən gənclərdən ibarət sərbəst güləş üzrə Azərbaycan yığma komandasının Özbəkistan paytaxtında keçirilən təlim-məşq toplantısı başa çatmışdır.
Komanda iki həftə ərzində paytaxtın „Dinamo“ idman kompleksində gərgin məşqlər keçirmişlər. Komandaya daxil olan 12 güləşçimiz məşqlərlə yanaşı, Özbəkistan tərəfi ilə yoldaşlıq görüşləri də keçirmişlər.
Məşqçi Arif Abdullayev demişdir ki, yoldaşlıq görüşlərində əsasən komandamızın üzvləri qəlib gəlmişlər. Bu da onu deməyə əsas verir ki, komandamızın hazırlıq səviyyəsi yüksəkdir və yarışlarda inamla çıxış edəcəklər.
Təlim-məşq müddətində idmançılarımız Daşkəndin görməli yerlərini gəzmiş, paytaxtdakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanış olmuşlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd