Gənclərin “Yay məktəbi” başa çatıb
Şahbuz, 27 avqust, AZƏRTAC
Muxtar respublika gənclərinin asudə vaxtlarını səmərəli təşkil etmək, onların şəxsi inkişafına dəstək və Azərbaycançılıq məfkurəsində formalaşmalarına nail olmaq məqsədilə təşkil olunan ənənəvi “Yay məktəbi” başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin təşkilatçılığı, Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə həyata keçirilən layihədə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, könüllü gənclər və Yeni Azərbaycan Partiyasının fəalları iştirak ediblər.
Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində iyulun 5-dən etibarən start götürən və mərhələli şəkildə davam edən düşərgətipli layihənin sonuncu mərhələsi də üç gün davam edib. İlk gün iştirakçılar mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olublar. Gənclərə tədbirin təşkil olunmasının məqsədi və proqramı haqqında məlumat verilib. Gün ərzində onlar intellektual oyun və “Ünsiyyətin psixologiyası” adlı seminarda iştirak edib, vətənpərvərlik mövzusunda film izləyiblər.
Növbəti günlərdə iştirakçılar üçün motivasiya xarakterli təlim, komanda oyunları, kanat gəzintisi, panel müzakirələr, əyləncəli idman oyunları, intellekt yarışı, bədii qiraət gecəsi təşkil olunub. “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim və “Milli dəyərlərin innovativ-kreativ təbliği” adlı müsabiqə üçün hazırlanmış komanda işlərinin təqdimatı reallaşıb. Düşərgə müddəti ərzində aktiv və uğurlu fəaliyyəti ilə fərqlənən gənclərə sertifikat təqdim edilib.
Muxtar respublikanın gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Gənclər Birliyinin sədri Arzu Qasımov düşərgə iştirakçıları ilə görüşüblər. Söhbət zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.