CƏMİYYƏT
General-mayor Mustafa Nəsirovun 95 illik yubileyi qeyd edilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında mühüm xidmətlər göstərmiş general-mayor Mustafa Nəsirovun anadan olmasının 95 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir. Mustafa Nəsirov SSRİ dövründə bir sıra məsul hərbi vəzifələrdə işləyib. Azərbaycanın müstəqilliyinin bərpasından sonra hərb işinin inkişafında, sərhəd qoşunlarının formalaşdırılmasında onun da mühüm xidmətləri olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 21-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında general-mayor Mustafa Nəsirovun anadan olmasının 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə səslənib.
Tədbirdə müharibə, əmək, Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları, gənclər və media təmsilçiləri iştirak ediblər.
Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov tədbiri açaraq M.Nəsirovun şərəfli həyat yoluna geniş nəzər salıb. Bildirib ki, 1942-ci ildə cəbhədən Saratov Sərhəd Qoşunlarının hərbi məktəbinə göndərilən Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərib. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Diqqətə çatdırılıb ki, M.Nəsirov Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və 1995-ci ilədək bu vəzifədə işləyib. 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatinin inkişafına böyük töhfələr verib. Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. Bu böyük insanın xatirəsi daim veteranların qəlbində yaşayacaq.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev M.Nəsirovun xidmətlərindən, həmçinin ictimai fəaliyyətindən, onun haqqında çəkdiyi filimdən bəhs edib.
General-mayor Abbasəli Novruzov Mustafa Nəsirov ilə bağlı xatirələrini bölüşüb, onun peşəkar hərbçi olmasından, əsl sərhədçi rəşadətindən danışıb. Bildirib ki, müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının qurulmasında və inkişafında M.Nəsirovun da mühüm xidmətləri olub.
Veteranlar Aleksandr Qritçenko, Soltan Məmmədov və başqaları çıxışlarında Mustafa Nəsirovun keçdiyi mənalı ömür yolundan söhbət açıb, onunla bağlı xatirələrini danışıblar.
Sonra bir qrup şəxsə Respublika Veteranlar Təşkilatının yubiley medalları təqdim edilib.
Tədbirin sonunda M.Nəsirovun həyatından və şərəfli döyüş yolundan bəhs edən film nümayiş olunub.