GENİŞ TƏRKİBDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, avqustun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV qonaqları salamlayaraq dedi:
-Hörmətli cənab Baş nazir!
Hörmətli qonaqlar!
Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Xoş gəlmisiniz! Bizim görüşlərimiz mütəmadi xarakter daşıyır və hər dəfə görüşəndə həm ikitərəfli münasibətlər, həm də bölgədə gedən proseslər geniş müzakirə olunur. Bu, onu göstərir ki, bizim əlaqələrimiz ən yüksək zirvədədir, bütün sahələrdə çox fəal əməkdaşlıq, işbirliyi aparılır.
Türkiyə və Azərbaycan tərəfindən irəli sürülən və icra edilən bütün təşəbbüslər uğurla nəticələnir. Biz bundan çox məmnunuq və əminəm ki, gələcək illərdə də Türkiyə-Azərbaycan birliyi, qardaşlığı daha da inkişaf edəcək, möhkəmlənəcək, həm ölkələrimiz, xalqlarımız üçün müsbət nəticələr gətirəcək, həm də ki, bölgədə gedən proseslərə müsbət təsir göstərəcəkdir. Bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunması və bərpa olunması gündəlikdə duran vacib məsələlərdəndir. Bu barədə biz bu gün danışdıq.
Əminəm ki, nümayəndə heyətlərinin üzvləri də bir-biri ilə təmasda olublar və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunubdur. Belə məsələlər kifayət qədər çoxdur - həm siyasi, həm iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik məsələləri. Yəni gündəlik çox genişdir və biz bütün bu məsələləri səmimi şəkildə müzakirə edirik.
Bir daha xoş gəlmisiniz!
Türkiyənin Baş naziri RƏCƏB TAYYİB ƏRDOĞAN təşəkkür edərək dedi:
-Hörmətli Prezident!
Hörmətli nümayəndə heyətinin üzvləri!
Təbii ki, biz iki qardaş ölkə olaraq, ötən altı illik müddətdə çox faydalı addımları atdıq və atmağa da davam edəcəyik. Bu qərarlığımız davam edir. Bütün sahələrdə, - siyasi, hərbi, iqtisadi, ticari, mədəni, turizm, - gözəl inkişaf vardır. Mühüm addımlar atılır. İstəyimiz bundan sonrakı müddətdə bunu daha anlamlı şəkildə, xüsusilə bölgəyə sanbal gətirəcək şəkildə qurmaq və inkişaf etdirməkdir. Bu sahədə Türkiyə ilə Azərbaycanın üzərinə mühüm vəzifələr düşür.
Sizinlə bərabər müzakirə etdiyimiz kimi, həqiqətən, Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasına ciddi önəm veririk. Bu sahədəki yekdilliyimiz bizdə xüsusi məmnunluq doğurur. İnanıram ki, inşallah, bununla bərabər, həll edilməmiş bir çox problemləri də birlikdə çözmək imkanımız olacaqdır. Bu həmrəyliyimiz nəticəsini verəcəkdir. Biz bölgəmizin xaricindən ümid gözləyirik, amma, hələlik bunun faydası yoxdur. Demək ki, bu bölgənin problemlərini özümüz həll edəcəyik. Ona görə də atacağımız addımların çox-çox faydalı olacağına inanıram.
######
