GENİŞ TƏRKİBDƏ GÖRÜŞ
Avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Prezident İLHAM ƏLİYEV qonaqları salamlayaraq dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz!
Sizin səfəriniz bizə imkan verdi ki, ikitərəfli münasibətləri və bölgədə gedən prosesləri geniş şəkildə müzakirə edək. Rumıniya ilə Azərbaycan arasında mövcud olan yaxın və dostluq əlaqələrini nəzərə alaraq, təbii ki, biz çox səmimi fikir mübadiləsi aparmışıq. İkitərəfli münasibətlərimiz çox sürətlə inkişaf edir və yüksək səviyyəli qarşılıqlı səfərlər bunun əyani sübutudur. Gündəliyimiz çox genişdir, buna həm siyasi, həm iqtisadi, həm mədəni, həm də enerji sahəsindəki əməkdaşlıq daxildir və biz yaxın tərəfdaşlar kimi bütün istiqamətlərdə fəaliyyət göstəririk.
Əlbəttə ki, bütün birgə layihələrimizi, xüsusilə enerji sahəsində, uğurla davam etdirmək və başa çatdırmaq üçün bölgədə sabitlik olmalıdır. Bölgədə yaşanan gərginlik bizi çox narahat edir. Bu baxımdan Sizin səfəriniz həm ikitərəfli münasibətlərin gələcək inkişafı üçün, həm də bu bölgədə gələcəkdə əməkdaşlığın, təhlükəsizliyin möhkəmlənməsi üçün çox önəmlidir.
Bir daha xoş gəlmisiniz!
Rumıniya Prezidenti TRAYAN BESESKU təşəkkür edərək dedi:
- Cənab Prezident, çox sağ olun. Bu, olduqca çox mühüm bir vaxt çərçivəsində məni qəbul etdiyinizə görə, ölkənizə işgüzar səfərə gəldiyimə görə Sizə minnətdaram.
Cənab Prezident, mənim Bakıya gəlməyim, Sizinlə görüşmək istəyim məhz onunla bağlıdır ki, Azərbaycan bu regionda mühüm əhəmiyyətə malikdir. Azərbaycanın bu əhəmiyyəti regional proseslərdə tutduğu çox düzgün mövqeyindən irəli gəlir. Bu, həmçinin onunla bağlıdır ki, Azərbaycan bu gün bütün Avropa İttifaqının, o cümlədən Rumıniyanın enerji siyasətində vacib rol oynayır. Əminəm ki, bu meyarları, eyni zamanda, ikitərəfli münasibətlərimizin olduqca yüksək səviyyədə olmasını nəzərə alaraq, biz belə vacib məsələlər üzrə bu görüşümüzü mütləq keçirməli idik.
Cənab Prezident, bu gün səhər Sizinlə apardığımız danışıqlar bir daha onu göstərdi ki, biz bir çox mühüm məsələlər üzrə - təhlükəsizlik və enerji sahəsində eyni, oxşar mövqeyə malikik. Bu da, bizim fikirlərimizin üst-üstə düşməsi hər iki ölkənin bu sahədəki rolunu gücləndirir.
######
