GENİŞ TƏRKİBDƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Prezident Qurbanqulu Berdiməhəmmədov iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, ölkəsinin Azərbaycanla sıx əməkdaşlıqda maraqlı olduğunu xüsusi vurğuladı. Türkmənistanın dövlət başçısı iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdi. Cari ilin on ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcminin iki dəfə artmasını bunun əyani nümunəsi kimi qiymətləndirdi. O, Azərbaycan Prezidentinin Türkmənistana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində mühüm rolu olacağını vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfərə dəvətə və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Prezident Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi münasibətlərin fəallaşması və möhkəmlənməsini əlaqələrin bütün sahələrdə genişlənməsinə təkan verdiyini vurğuladı. Prezident İlham Əliyev iki ölkənin beynəlxalq məsələlərdə və nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini və təşəbbüslərini dəstəklədiyini bildirdi.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu ilin mayında Azərbaycana rəsmi səfərinin qarşılıqlı əlaqələrin inkişafına əsaslı təkan verdiyini deyən Prezident İlham Əliyev dost və qardaş xalqlarımızın, ölkələrimizin əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini söylədi, türkmən xalqına ən xoş arzularını yetirdi.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.
######
