RƏSMİ XRONİKA
GENİŞ TƏRKİBDƏ GÖRÜŞ
Bakı, 29 iyun (AZƏRTAC). İyunun 28-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti Şimon Peresin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:
-Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Əminəm ki, səfər uğurlu olacaqdır.
Biz sizinlə ikitərəfli münasibətlərə, o cümlədən regional və beynəlxalq məsələlərə dair geniş müzakirə apardıq. Əminəm ki, nümayəndə heyətlərimizin üzvləri də bir-biri ilə söhbət edə biləcəklər və ikitərəfli münasibətlərimizə aid məsələləri nəzərdən keçirəcəklər. Münasibətlərimiz uğurla inkişaf edir. Əməkdaşlığımızın səviyyəsindən məmnunuq. İqtisadiyyatın müxtəlif sahələrində yaxşı imkanlar var. Humanitar sahədə məsələlər üzrə də əməkdaşlıq edirik. Siz bizə ölkənizin iş adamlarından ibarət böyük bir qrupla gəlmisiniz. Hesab edirəm ki, işgüzar dairələr arasındakı əlaqələr ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.
Mən sizə uğurlu səfər arzulayıram.
İsrail Prezidenti Şimon PERES səmimi qəbul üçün təşəkkür edərək dedi:
-Çox sağ olun. Şəxsən öz adımdan və nümayəndə heyəti adından olduqca səmimi qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm. Bizə demişdilər ki, Bakıda hava çox isti olacaq. Amma əslində gördük ki, hava o qədər də isti deyil. Bizə göstərdiyiniz hərarətli qəbula görə minnətdarıq. Biz bir çox məsələləri müzakirə etdik.
İsrail Prezidenti dedi ki, nümayəndə heyətinin tərkibində iştirak edən nazirlər də əməkdaşlığımızın vəziyyəti barədə öz fikirlərini söyləyəcəklər.
tərkibində iştirak edən nazirlər də əməkdaşlığımızın vəziyyəti barədə öz fikirlərini söyləyəcəklər.
######