SİYASƏT
Gennadi Züqanov: Sülh, təhlükəsizlik və barışıq mövzuları indiki dünyamızda vacib məsələlərdir
Bakı, 22 noyabr (AZƏRTAC). Bakıda keçirilən bu tədbir Asiyanın bütün partiyalarının nümayəndələrinin iştirak etdiyi nadir görüşdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov bildirmişdir.
Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan G.Züqanov demişdir ki, tədbirdə müzakirə edilən mövzular çox aktualdır. Onlar sülh, təhlükəsizlik və barışıq mövzularını əhatə edir. Bizim indiki dünyamızda bütün bunlar vacib məsələlərdir.
Bakıya səfər etməyi çoxdan arzuladığını vurğulayan G.Züqanov qeyd etmişdir ki, gözəl şəhəriniz, gülərüz insanlarınız vardır. Bakıda gördüyüm dəyişikliklər məni heyran etdi. Həqiqətən də ölkənizin Şərq ilə Qərbin qovuşuğunda yerləşməsini paytaxtınızın simasında daha aydın görmək olur. Buradakı memarlıq ənənələri, keçmişi qorumaqla ucaldılan göydələnlər buna bariz sübutdur.