SİYASƏT
Geodeziyası, kartoqrafiya, kadastr və yerin məsafədən zondlaşdırması üzrə Dövlətlərarası Şuranın növbəti iclası Bakıda keçiriləcəkdir
Bakı, 19 noyabr (AZƏRTAC). MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 22-23-də Bakıda geodeziyası, kartoqrafiya, kadastr və yerin məsafədən zondlaşdırması üzrə Dövlətlərarası Şuranın növbəti sessiyası keçiriləcəkdir.
İclasda əvvəlki sessiyanın qərarlarının yerinə yetirilməsinə yekun vurulacaq, MDB ölkələrində coğrafi adların dəyişdirilməsinə dair Elektron bülletenin vəziyyəti və aktuallaşdırılması haqqında hesabat dinləniləcəkdir.
Bundan əlavə, görüşdə Birlik ölkələrinin kartoqrafiya-geodeziya xidmətləri nümayəndələrinin təhsilinin təşkili, rəqəmsal nivelirlərin, reykaların yoxlanmasına dair dövlətlərarası mərkəzin yaradılması, geodeziya və kartoqrafiya sahəsində standartlaşdırma və metrologiya üzrə proqramın reallaşdırılması, topoqrafiya-geodeziya və kartoqrafiya işlərinin aparılması üçün vahid vaxt normalarının müəyyən edilməsi və sair məsələlər nəzərdən keçiriləcəkdir.
Xatırladaq ki, geodeziya, kartoqrafiya, kadastr və yerin məsafədən zondlaşdırması üzrə Dövlətlərarası Şura 1992-ci ildə yaradılmışdır. Onun tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rusiya, Tacikistan və Özbəkistan nümayəndələri daxildir. Türkmənistan və Ukrayna Şuranın işində müşahidəçi kimi iştirak edirlər.
Şura geodeziya, kartoqrafiya, kadastr və yerin məsafədən zondlaşdırması sahəsində razılaşdırılmış siyasət yeridir, müvafiq normativ-texniki sənədlər hazırlayır, aidiyyəti nazirliklər və idarələrlə birlikdə MDB Hökumət Başçıları Şurasının müzakirəsi üçün təkliflər hazırlayır.
Şura rəsmən Asiya və Sakit okean ölkələri infrastrukturunda coğrafi informasiya sistemi üzrə Daimi Komitə çərçivəsində müstəqil işçi qrup sayılır.