REGİONLAR
“Gömrük və gənc nəsil” mövzusunda məktəblilərlə növbəti görüş Tərtərdə təşkil olunub
Tərtər, 17 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası gömrük xidmətinin yaradılmasının 25 illiyi ilə əlaqədar “Gömrük və gənc nəsil” mövzusunda məktəblilərlə görüşlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Tərtər şəhərindəki Gənclər Mərkəzində təşkil olunan növbəti tədbirdə Yevlax Gömrük İdarəsinin əməkdaşları Nurlan Nuriyev, Ramil Mədətov və Xətayi Məmmədli iştirak ediblər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov və gömrük əməkdaşları ümummilli lider Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətlərindən söhbət açıblar. Bildirilib ki, məhz Ulu Öndərin rəhbərliyi altında ölkəmizdə milli gömrük siyasəti formalaşıb, habelə bu sahənin qanunvericilik bazası yaradılıb, gömrük orqanları dünya standartlarına cavab verən müasir avadanlıqlar və texniki vasitələrlə təchiz olunub.
Tədbirdə Azərbaycan gömrük xidmətinin quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyi və təhlükəsizliyini qoruduğu, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarına qarşı qətiyyətlə mübarizə apardığı, dünyanın inkişaf etmiş ölkələrinin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatları ilə qarşılıqlı əməkdaşlıq qurduğu vurğulanıb.