CƏMİYYƏT
Gömrükçülər köhnə model avtobusun yeni modellə əvəzlənərək ölkəyə qanunsuz gətirilməsini aşkarlayıb
Bakı, 24 yanvar, AZƏRTAC
Köhnə model avtobusla Gürcüstana gedərək bir gün sonra eyni dövlət qeydiyyat nömrə nişanı altında yeni model nəqliyyat vasitəsilə ölkəmizə geri qayıdan həmyerlimizin əməlinin üstü açılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə bir qrup şəxsin sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə edərək Azərbaycana nəqliyyat vasitələri gətirilməsi barədə məlumat daxil olub. Azərbaycan vətəndaşı Qasımov Şəmsəddinə məxsus “SUMIT DAF EUROLINES” markalı avtobus gömrükçülər tərəfindən saxlanaraq idarənin dayanacağına gətirilib və gömrük baxışı keçirilib. Baxış zamanı avtobusun üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması gömrükçülərdə şübhə yaradıb.
İlkin araşdırma zamanı məlum olub ki, Ş.Qasımov idarə etdiyi 1981-ci il buraxılışlı, ağ “SUMIT DAF EUROLINES” markalı 00200330 şassi nömrəli 90-ZD-837 dövlət nömrə nişanlı avtobusla Gürcüstana gedərək ona məxsus avtobusu yeni modeli ilə əvəz edib, gömrük-vergi rüsumlarından yayınaraq ağ, bənövşəyi, sarı rəngli 00200330 şassi nömrəli, üzərində 90-ZD-837 dövlət qeydiyyat nömrə nişanı olan avtobusla Azərbaycan ərazisinə sərnişinlərlə birgə qayıdıb.
Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən müəyyən edilib ki, “SUMIT DAF EUROLINES” markalı avtobusun ön qapısında vintlə bərkidilmiş metal lövhəcik üzərində olan məlumatlara əsasən təqdim edilmiş nəqliyyat vasitəsi “DAF/VDL” markalı avtobusun 2001-ci il istehsalı olan “SB200” şassi tipidir.
Faktla bağlı araşdırma aparılır.