ELM VƏ TƏHSİL
GÖRKƏMIİ OFTALMOLOQ ALİM ZƏHRA QULİYEVANIN XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Azərbaycan Tibb Universiteti (ATU) qadın hərəkatının liderlərindən biri, nüfuzlu dövlət və ictimai xadim, görkəmli oftalmoloq alim, professor Zəhra xanım Quliyevanın anadan olmasının 85 illiyi ilə bağlı dəyirmi masa keçirmişlər.
Tədbirdən əvvəl AQUPDK-nın kollektivi, Mili Məclisin deputatları, respublika qadın ictimaiyyətinin nümayəndələri II Fəxri xiybana gələrək Z.Quliyevanın xatirəsini dərin ehtiramla yad etmiş, məzarı üzərinə tər çiçəklər düzmüşlər.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov dəyirmi masada çıxış edərək, professor Z.Quliyevanın Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafındakı xidmətlərindən danışmışdır. Ə.Əmiraslanov görkəmli ictimai xadim Z.Quliyevanın Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Azərbaycan Tibb Universitetinin professoru kimi fəaliyyət göstərdiyini, uzun illər bu ali məktəbə rəhbərlik etdiyini qeyd etmişdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova, AQUPDK-nın sədri Hicran Hüseynova və başqaları görkəmli ziyalı Z.Quliyevanın respublikamızda qadın hərəkatının inkişafı sahəsindəki fəaliyyətindən danışmışlar. Tanınmış ictimai xadim Z.Quliyevanın Qadın Problemləri üzrə Dövlət Komitəsinə başçılıq etdiyi illərdə təcrübəli bir rəhbər kimi respublikada böyük nüfuz qazandığını qeyd edən natiqlər, onun köməyi ilə ölkəmizdə 60-a yaxın qadın qeyri-hökumət təşkilatının yaradıldığını bildirmişlər. Qeyd edilmişdir ki, Azərbaycan qadınlarını beynəlxalq aləmdə də layiqincə təmsil edən Z.Quliyeva xarici səfərlər zamanı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün imkanlardan istifadə edirdi.
Tədbirdə şərəfli ömür yolu keçmiş Z.Quliyevanın əziz xatirəsinə həsr olunmuş multimedia diskinin təqdimat mərasimi keçirilmişdir.
Sonda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri, görkəmli oftalmoloq alim Z.Quliyevanın qızı Cəmilə Səttarova tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirmişdir.