ELM VƏ TƏHSİL
Görkəmli alim Aida xanım İmanquliyevanın əziz xatirəsi anılıb
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, mərasimdə bu elm müəssisəsinin direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə professor Aida İmanquliyevanın Azərbaycan qadınına örnək həyat yaşadığını söyləyib, atası, görkəmli jurnalist, Əməkdar Elm Xadimi Nəsir İmanquliyev kimi onun da Azərbaycan tarixində müstəsna xidmətləri olduğunu vurğulayıb.
Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Həsən Əlibəyli görkəmli alim Aida İmanquliyevanın ömür yolundan və elmi-pedaqoji fəaliyyətindən danışıb, onun haqqında xatirələrini bölüşüb.
Aida xanım İmanquliyevanın qazandığı elmi nailiyyətlərdən bəhs edən H.Əlibəyli alimin ərəb ədəbiyyatının tədqiqi istiqamətində gördüyü əhəmiyyətli işləri xüsusi vurğulayıb. Qeyd olunub ki, alim yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasında əvəzsiz rol oynayıb, AMEA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi illərdə təşkilatçılıq fəaliyyəti ilə də məşğul olub.
İnstitutun elmi işlər üzrə direktor müavini, hüquq elmləri doktoru Bəhram Zahidov professor Aida İmanquliyevanın ilk azərbaycanlı ərəbşünas qadın alim olduğunu, Azərbaycanda şərqşünaslıq elminin inkişafında böyük xidmətlər göstərdiyini qeyd edib.
Fəlsəfə elmləri doktorları Zümrüd Quluzadə, Rəfiqə Əzimova və digər alimlər də professor Aida xanım İmanquliyevanın şərqşünaslıq elminin inkişafına verdiyi töhfələrdən, onun nəcib insani keyfiyyətlərindən danışıblar.