ELM VƏ TƏHSİL
Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın əziz xatirəsi anılıb
Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova professor Aida xanım İmanquliyevanın Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı olduğunu söyləyib və onun çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açdığını qeyd edib.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 22 il öncə dünyasını dəyişmiş görkəmli alim Aida xanım İmanquliyevanın mənalı həyat yolundan danışıb, onun həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını diqqətə çatdırıb.
Professor Aida İmanquliyevanın zəngin elmi irsinin əhəmiyyətindən, elmi kadrların hazırlanmasındakı xidmətlərindən bəhs edən G. Baxşəliyeva, alimin həm də Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladıb.
Oktyabrın 10-da görkəmli alim Aida xanım İmanquliyevanın 75 illiyinin keçiriləcəyini bildirən G. Baxşəliyeva bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və AMEA-nın Şərqşünaslıq İnstitutunun beynəlxalq elmi konfrans təşkil edəcəklərini diqqətə çatdırıb.