SİYASƏT
GÖRÜŞDƏ AZƏRBAYCANLI QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Bakı, 7 may (AZƏRTAC). Ombudsman Aparatından bildirmişlər ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və əhali üzrə məruzəçisi Con Qrinvey ilə görüşmüşdür.
Ombudsman E.Süleymanova Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyon azərbaycanlının insan hüquqlarının kütləvi surətdə pozulduğunu, öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini qonağın diqqətinə çatdırmışdır. O, qaçqın və məcburi köçkünlərinin hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən ünvanlı proqramlar barədə ətraflı məlumat vermiş, təsisatda miqrantların, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə struktur bölməsinin və xüsusi müşavirin fəaliyyət göstərdiyini bildirmişdir.
C.Qrinvey ölkəmizlə əməkdaşlığa önəm verdiyini vurğulamış, səfərdən məqsədinin Azərbaycanda uzun müddətdir ki, qaçqın və məcburi köçkün vəziyyətində yaşayan insanların problemləri ilə yaxından tanışlıqdan ibarət olduğunu söyləmiş, burada səslənən təklif və tövsiyələri öz məruzəsində nəzərə alacağını bildirmişdir. Qonaq, həmçinin miqrantların problemlərinin qlobal xarakter daşıdığını qeyd etmiş, onun qaçqın və məcburi köçkünlərin qayğıları ilə sıx bağlı olduğunu diqqətə çatdırmışdır.
Ombudsman AŞPA məruzəçisinin qaçqınların, məcburi köçkünlərin və miqrantların problemləri ilə bağlı çoxsaylı suallarını cavablandırmışdır.