MƏDƏNİYYƏT
Gövhərgül Huşur: Bu festival millətlərin yaxınlaşması və mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində atılan ən əhəmiyyətli addımlardan biridir
Bakı, 13 mart (AZƏRTAC). “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı elmin, təhsilin və mədəniyyətin inkişafına mühüm töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalında iştirak edən Çinin Sincan-Uyğur Muxtar Rayonunun “Beautiful girls” musiqi kollektivinin solisti Gövhərgül Huşur demişdir.
Azərbaycanda ikinci dəfə olmağından məmnunluğunu ifadə edən G.Huşur “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının yüksək səviyyədə təşkil edildiyini vurğulamışdır.
Azərbaycanın ildən-ilə sürətlə inkişaf etdiyini bildirən qonaq festivalın müxtəlif ölkələrdən olan insanların bir araya gəlməsi baxımından əhəmiyyətini də qeyd etmişdir.
Qonaq vurğulamışdır ki, bu festival millətlərin yaxınlaşması və mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində təşkil edilmiş ən vacib tədbirlərdən biridir.