REGİONLAR
Göyçayda 400 nəfər üçün iftar süfrəsi açılıb
Göyçay, 9 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Milli Məclisin deputatı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə Göyçay rayonunda növbəti iftar mərasimi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 8-də axşam saatlarında rayonun Qaraman kənd məscidində keçirilən iftar mərasimində 200 nəfər oruc tutan şəxs iştirak edib. Xeyriyyə tədbirinə dindarlarla yanaşı, imkansız şəxslər, qocalar, şəhid ailələrinin üzvləri, veteranlar, məcburi köçkünlər, kimsəsizlər də qatılıblar.
Mərasimdə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib. İftar süfrəsi ətrafında on bir ayın Sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb, şəhidlərimizin ruhuna dualar oxunub. Növbəti Ramazan bayramının Qarabağ torpaqlarında keçirilməsi arzulanıb.
Qeyd edək ki, deputat Elxan Süleymanovun təşəbbüsü ilə ənənəvi olaraq hər il olduğu kimi, bu Ramazan ayında da Göyçay və Şamaxının müxtəlif yaşayış məntəqələrində iftar mərasimləri təşkil edilib. Ötən günlər ərzində Göyçayın məscidlərində təşkil edilən iftar məclislərində 200-dən çox oruc tutan şəxs iştirak edib. Deputatın təşəbbüsü ilə Ramazan bayramında imkansız ailələrə, yataq xəstələrinə, əlillərə bayram sovqatı paylanılacaq.