REGİONLAR
Göyçayda Anım Günü qeyd edilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Göyçay rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin məzarlarına gül dəstələri düzülüb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, anım mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək bildirib ki, 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək üçün başlanan və Zəfərlə başa çatan Vətən müharibəsinin ilk günü olmaqla yanaşı, həm də hərbi-siyasi gücümüzün, milli ruhumuzun, milli həmrəylimizin öz sözünü dediyi şərəfli bir tarixdir. O vurğulayıb ki, bu tarixdə respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini qürurla yad edir.
Şəhid Orxan Kərimlinin atası Akif Kərimov Qarabağ müharibəsində böyük şücaət göstərərək şəhadət zirvəsinə yüksələn qəhrəmanlarımızın Anım Gününün sonsuz qürur və fəxarət hissi ilə qeyd edildiyini bildirib.
Milli Məclisin deputatı Sabir Hacıyev çıxışında Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Gününün əhəmiyyətindən bəhs edərək, bu günün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu diqqətə çatdırıb.
Əməkdar müəllim Pərviz Yəhyalı və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Nərmin Abışova 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində azad olunan bütün torpaqlarımızda şanlı üçrəngli bayrağımızın qürurla dalğalandığını vurğulayıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Gününün təsis olunmasının tarixi önəm kəsb etdiyini diqqətə çatdırıblar.
Sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş edilib.
Saat 12:00-da Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım Günü münasibətilə rayon rəhbərliyi və şəhid ailələrinin üzvləri ağacəkmə aksiyasında iştirak ediblər.