İDMAN
Göyçayda çoxmübarizəli döyüş idman növləri üzrə V ölkə çempionatı keçirilmişdir
Göyçay, 16 mart (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq, Göyçay Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında çoxmübarizəli döyüş idman növləri üzrə V ölkə çempionatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışdan əvvəl idmançılar ulu öndər Heydər Əliyevin Göyçay şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Çempionatın açılış mərasimində əvvəlcə dövlət himni səsləndirilmişdir. Tədbirdə Azərbaycan Çoxmübarizəli Döyüş İdman Növləri Federasiyasının prezidenti, əməkdar məşqçi Vüqar Muradov, rayon gənclər və idman idarəsinin rəisi Elşən Şirinov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından, qazanılan uğurlardan, bu il daha çox nailiyyətlərin əldə edilməsi üçün qarşıda duran vəzifələrdən danışmışlar.
Bildirilmişdir ki, Azərbaycan idmançıları hər il çoxmübarizəli döyüş idman növləri üzrə Avropa və dünya çempionatlarından Vətənə medallar gətirirlər. Son 3 ildə bu idman növü üzrə dünya çempionu titulunu qazanmış 6 idmançı imtahan vermədən birbaşa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur. Hazırda ölkəmizin 50 şəhər və rayonunda çoxmübarizəli döyüş idman növləri üzrə klublar fəaliyyət göstərir və ümumilikdə 10 mindən çox yeniyetmə və gənc bu idman növü ilə müntəzəm məşğul olur. “AzNar” QSC-nin sponsorluğu ilə keçirilmiş və iki gün davam etmiş yarışda 23 şəhər və rayondan 300 idmançı iki versiya üzrə 24 çəki dərəcəsində mübarizə aparmışdır.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda oğlanlardan Emin Nəbiyev (30 kq, Yevlax), Əli İsgəndərli (40 kq, Göyçay), Razəddin Azadov (45 kq, Göyçay), Cəfər Səmədzadə (50 kq, Şəki), Rəşad Həsənli (55 kq, Yevlax), Fətəli Məmmədli (60 kq, Göyçay), Hüseyn Novruzov (65 kq, Bakı), Elnur Əhmədov (70 kq, Ucar), Elton Kərimov (75 kq, (Yevlax), Əbülfəz Davudov (80 kq, Göyçay), qızlardan Gülcan Həmidova (30 kq, Şəki), Bahar Dadaşova (35 kq, Şəki) və Şəhla Həmidova (55 kq) birinci yeri tutmuşdur. Çempionatda ilk üç yeri tutan idmançılara diplom və medallar verilmişdir.
Xatırladaq ki, baş məşqçi Xaləddin Şirinov ölkə çempionu olan idmançıları yığma komandanın heyətinə cəlb edərək beynəlxalq yarışlara hazırlayacaqdır. İdmançılarımız aprelin 10-16-da Ukraynanın Xarkov şəhərində keçiriləcək dünya çempionatında və aprelin 12-15-də Rusiyanın Sank-Peterburq şəhərində keçiriləcək döyüş növləri olimpiadasında ölkəmizi təmsil edəcəklər.