ELM VƏ TƏHSİL
Göyçayda iki yeni məktəb binasının tikintisinə başlanılmışdır
Göyçay, 5 yanvar (AZƏRTAC). Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda orta məktəblər üçün yeni binaların inşası və onların əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm işlər görülür.
AZƏRTAC xəbər verir ki, dövlət vəsaiti hesabına bu günlərdə rayonun Müskürlü kəndində 180, Qəbələ-Müskürlü kəndində isə 80 şagird yerlik yeni məktəb binalarının tikintisinə başlanılmışdır. Hazırda Müskürlü kəndindəki məktəb binasında hörgü işləri görülür, Qəbələ-Müskürlü kənd məktəbinin isə bünövrə hissəsində iş aparılır. Hər iki binanın tikintisi “ATF-İnşaat” MMC tərəfindən həyata keçirilir. Bu təhsil ocaqlarının növbəti dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, Alıkənd kəndində tikiləcək 80 şagird yerlik yeni məktəb binasının layihə-smeta sənədləri hazırlanmışdır və yaxın vaxtlarda inşaat işlərinə başlanılacaqdır.
Xatırladaq ki, dörd ay əvvəl rayonun Ulaşlı-Şıxlı kəndində 220, Şəkili kəndində 80 şagird yerlik yeni məktəb binaları və Göyçay şəhər 1 saylı uşaq bağçasının yeni binası istifadəyə verilmişdir. Son illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçayda 10 yeni məktəb binası tikilmiş, 8 təhsil ocağı isə əsaslı şəkildə yenidən qurulmuşdur.