MƏDƏNİYYƏT
Göyçayda möhtəşəm Gül bayramı
Göyçay, 10 may (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Göyçay şəhərində keçirilən ənənəvi Gül bayramı Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramın nümayişinə çevrilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Şagirdlər, gənclər, bədii tərtibat ustaları, gənc dizaynerlər bir-birindən maraqlı əsərləri ilə sanki nəhəng bir gözəllik yarışmasına toplaşmışdılar. Bayramın gözəl və yaddaqalan keçməsi üçün Göyçay rayonundakı idarə və müəssisələr təbii və süni güllərdən düzəldilmiş ekspozisiyalar hazırlamışlar. Rayonun orta ümumtəhsil məktəblərinin şagirdlərinin müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmişdir. Şagirdlərin nümayiş olunan fantaziyaları bayram tədbirində iştirak edən rayon sakinlərinin, çoxsaylı qonaqların diqqətini cəlb etmişdir.
Minlərlə göyçaylının iştirak etdiyi Gül bayramında müxtəlif növ gül və çiçəklərdən hazırlanmış çələnglər, dahi şəxsiyyət Heydər Əliyev və Prezident İlham Əliyevin güldən hazırlanmış portretləri, milli mənəvi dəyərləri əks etdirən maddi-mədəniyyət nümunələri, məktəblilərin əl işləri nümayiş etdirilmişdir. Milli geyimli oğlan və qızlar şeir və mahnılar ifa etmişlər.
Tədbirdə gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif əsərlər arasında ümummilli liderimiz Heydər Əliyev ilə bağlı kompozisiyalar, güllə işlənmiş maketlər bayram iştirakçılarının diqqətini xüsusilə cəlb etmişdir.
İncəsənət kollektivlərinin təqdim etdikləri rəngarəng musiqi və rəqslərdən ibarət konsert proqramı tədbiri daha maraqlı və yaddaqalan etmişdir.