REGİONLAR
Göyçayda narçılıq təsərrüfatının inkişafını dəstəkləyən layihə həyata keçiriləcəkdir
Göyçay, 8 sentyabr (AZƏRTAC). “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Göyçayda narçılıq təsərrüfatının inkişafına dəstək” adlı layihə həyata keçirəcəkdir.
Təşkilatın rəhbəri Əzizağa Atakişiyev AZƏRTAC-a bildirmişdir ki, layihənin məqsədi ölkədə ərzaq təhlükəsizliyi istiqamətində görülən tədbirlərə töhfə vermək, narçılığı müasir səviyyədə alternativ gəlir mənbəyi kimi inkişaf etdirərək yerli əhalinin nar təsərrüfatına marağının artırılmasına nail olmaqdır.
Bu günlərdə icrasına başlanılacaq layihə çərçivəsində rayondan 20 nəfər gənc təlimlərə cəlb olunacaq, həmçinin narçılıq təsərrüfatının davamlı inkişafını təmin etmək üçün məsləhət mərkəzi yaradılacaqdır.
Layihə çərçivəsində ilk dəfə olaraq narın Göyçay üzrə klasterləşdirilməsi istiqamətində işlər aparılacaq və “Nar etiketi” yaradılacaqdır.