REGİONLAR
Göyçayda payızlıq tərəvəz bitkilərinin əkininə başlanılıb
Göyçay, 3 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda kəndli fermerlər payızlıq tərəvəz bitkilərinin əkininə başlayıblar.
AZƏRTAC xəbər verir ki, hazırda rayonun Qaraman, Çayarxı, Ləkçilpaq, Mırtı, Hacalıkənd, Qarabaqqal, Qaraxıdır kəndlərində bu sahədə işlərin qızğın çağıdır. Bu ilin martında istixanalara əkilən pomidor şitilləri açıq əkin sahələrinə köçürülür. Bununla eyni vaxtda yeni əkilən şitillərə xüsusi aqrotexniki qulluq göstərilir. Havanın isti olmasına baxmayaraq, kəndlilər əkin sahələrindən bol məhsul götürmək üçün əzmlə çalışırlar. Kəndlilər bitkilərin tələf olmaması və tez böyüməsi, yaxşı məhsul verməsi üçün aqrotexniki qulluq göstərir, ziyanvericilərə qarşı düzgün mübarizə aparırlar.
Faraş tərəvəzçiliklə məşğul olan kəndlilər ildə iki dəfə pomidor və xiyar əkini aparırlar. Bazarlarda yazlıq tərəvəz məhsullarından daha çox payızlıq məhsullara üstünlük verilir. Payızlıq pomidor, xiyar və kələmə tələbatın çox olması isə onlardan qış fəsli üçün turşuların hazırlanması ilə əlaqədardır. Çünki, soyuq havada yazlıq tərəvəz bitkilərinin becərilməsi zamanı süni istilik yaratmaqla müxtəlif dərman və gübrələrdən istifadə olunduğu halda, payızlıq tərəvəz bitkiləri isti havada təbii yolla yetişdirilir. Təbii yolla yetişdirilən tərəvəz məhsulları bazarlarda baha qiymətə satılsa da, alıcılar narazı deyil. Fermerlər sentyabrın əvvəlində payızlıq pomidor, xiyar və kələm yığımına başlayacaqlar.
Xatırladaq ki, bu ilin aprel-iyun aylarında rayonda istehsal olunan yazlıq pomidorun təxminən 50 faizi Rusiya bazarlarına çıxarılıb. Cari ilin yaz aylarında rayonda 220 hektar sahədə pomidor əkilib və 3567 ton məhsul yığılıb.