CƏMİYYƏT
Göyçayda qadınların IV konfransı keçirilmişdir
Göyçay, 13 mart (AZƏRTAC). Göyçay rayon qadınlarının IV konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli Fərmanının Göyçay rayonunda icrasına dair hesabat məruzəsi dinlənilmişdir. Məruzədə “Gender bərabərliyinin təminatları” və “Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikası qanunlarının müddəalarının əhali arasında təbliğ edilməsi məqsədilə keçirilən silsilə tədbirlərin əhəmiyyətindən söhbət açılmış, qadın və uşaq hüquqlarının qorunması, qadın zorakılığına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi istiqamətində ziyalılar, ağsaqqallar, din xadimləri, valideynlər və yuxarı sinif şagirdləri ilə keçirilən görüşlərin səmərəliliyi vurğulanmışdır.
Tədbirdə respublika qadınlarının III qurultayından keçən 5 ildə göyçaylı qadınların fəaliyyəti, əldə etdikləri uğurlar, onların problemlərinin həlli ilə bağlı görülmüş işlər geniş təhlil olunmuşdur.
Milli Məclisin deputatı Jalə Əliyeva, rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin rəhbər şəxsləri çıxış edərək Azərbaycan qadınlarının cəmiyyətdə tutduqları fəal mövqedən, onların ictimai-siyasi proseslərdə yaxından iştirakından danışmışlar. Qadın problemlərinin həlli ilə əlaqədar dövlət siyasətinin vacib məqamlarına toxunulmuş, qarşıdan gələn prezident seçkilərində qadınların fəal iştirakının vacibliyindən bəhs olunmuşdur. Konfransda Azərbaycan qadınlarının IV qurultayına 19 nəfər nümayəndə seçilmişdir.