CƏMİYYƏT
Göyçayda səhiyyə aylığı çərçivəsində 23 min 167 nəfər müayinə olunmuşdur
Göyçay, 5 yanvar (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırığına əsasən, Səhiyyə Nazirliyi tərəfindən “Sağlam həyat uğrunda” devizi altında Göyçay rayonunda keçirilən profilaktiki tədbirlər aylığı uğurla başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, Göyçay Mərkəzi Rayon Xəstəxanasının tədbirlər planına uyğun olaraq yerlərdə əhalini müayinə etmək üçün hər biri 7 həkimdən ibarət 8 səyyar briqada yaradılmışdır. Bir ay ərzində təcrübəli həkimlər rayon mərkəzindən aralıda yerləşən 31 kənddə 3500 nəfəri müayinə etmişlər. Aşkar edilən xəstəliklərlə əlaqədar olaraq sakinlərin bir qrupu stasionar və ambulator müalicəyə cəlb olunmuşdur. Həkim briqadaları evlərdə xəstə yatan 739 nəfərə baş çəkmiş, yardım göstərmişlər.
Səhiyyə aylığı çərçivəsində mərkəzi rayon xəstəxanasının 11 şöbəsinə, uşaq xəstəxanasına, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına, uşaq məsləhətxanasına, dəri-zöhrəvi xəstəliklər dispanserinə, Qaraməryəm kənd xəstəxanasına, 16 kənd həkim məntəqəsinə, 31 kənd tibb məntəqəsinə müraciət etmiş 23 min 167 nəfər müayinə olunmuşdur. Onlardan 4955 nəfəri ambulator, 193 nəfəri stasionar müalicəyə cəlb edilmişdir.
Sakinlər belə profilaktiki müayinə tədbirlərindən razı qalmışlar.