REGİONLAR
Göyçayda sel sularının dağıtdığı körpü bərpa edilib
Bakı, 23 iyul, AZƏRTAC
Göyçay rayonu Qaraməryəm-Müsüslü avtomobil yolunun 5-ci kilometrliyindən Aşağı Qaraməryəm kəndinə gedən 4-cü texniki dərəcəli yolda Dəvəbatan çayı üzərində yerləşən körpü qısa müddət ərzində bərpa olunub.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, ötən ay güclü sel suları nəticəsində dağılan körpünün uzunluğu 12 metr, eni isə 6 metrdir. Hadisə baş verən kimi əraziyə “Azəravtoyol” ASC-nin rəhbərliyinin tapşırığı ilə canlı qüvvə və texnika cəlb olunub. Dağılmış körpünün dayaqlarından biri yenidən inşa edilərək, digərində əlavə bərkitmə işləri aparılıb.
Daha sonra metal karkaslı beton aşırım tirləri qoyularaq bərkidilib, üzərisi isə asfaltlanıb.
Xatırladaq ki, Dəvəbatan çayı üzərində yerləşən körpü ötən əsrin 70-ci illərində inşa edilib.