REGİONLAR
Göyçayda taxıl səpininə başlanılmışdır
Göyçay, 5 oktyabr (AZƏRTAC). Göyçay rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri taxıl səpini kampaniyasına başlamışlar.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, rayonda gələn ilin məhsulu üçün 15 min hektardan çox sahədə taxıl səpinin aparılması nəzərdə tutulur. Artıq bugünədək 9.150 hektar torpaq şümlanmışdır. Bunun 1.150 hektarına arpa səpilmişdir. Arpa səpini oktyabrın 15-dək başa çatdırılacaq və fermerlər buğda səpininə başlayacaqlar.
Hələlik taxıl səpini rayonun Qaraməryəm, Çərəkə, Məlikkənd, Kürdşaban, Alpoud, Hacalıkənd, Mallı-Şıxlı, Bəydövül və Şəhadət kəndlərində həyata keçirilir. Rayonun taxılçıları buğda səpinini dekabrın 1-dək başa çatdırmağı nəzərdə tutmuşlar.
Göyçayda səpin kampaniyasının səmərəli başa çatdırılması üçün taxıl istehsalçılarının istifadəsinə lazımi sayda texnika verilmişdir. Həmçinin, kifayət qədər toxum və mineral gübrə də tədarük olunmuşdur.
Rayon bitki mühafizə mərkəzindən verilən məlumata görə, taxıl səpini ərəfəsində fermerlər və torpaq mülkiyyətçiləri maarifləndirilmişlər. Bildirilmişdir ki, bol məhsulun əsası sağlam, keyfiyyətli və yüksək repreduksiyalı toxumdan başlayır. Bu il rayonda taxıl səpinində əsasən “Elit”, “Əzəmətli-95” toxumlarından istifadə olunur. Həmçinin səpindən əvvəl taxıl sahələrində müxtəlif bakterial xəstəliklərə qarşı kimyəvi dərmanlama işləri aparılır.